- Offside
- 21:28 16.08.2026
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo futbolçu karyerasını başa vurmağa yaxın olduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı ulduz “Vogue” jurnalına müsahibəsində futbolda son mövsümünü keçirə biləcəyini bildirib.
“Çox güman ki, bu, futbolda son ilim olacaq. Böyük bir miras qoymaq istəyirəm”, - deyə Ronaldo bildirib.
Portuqaliyalı hücumçu karyerasını başa vurduqdan sonrakı planlarından da danışıb:
“Mən artıq nə ilə məşğul olacağımı bilirəm. Müəyyən bir boşluğun yaranacağını və onu nəsə ilə doldurmalı olacağımı anlayıram. Daha çox səyahət etmək, istirahətə vaxt ayırmaq, padel oynamaq və 25 il ərzində qazandığım bütün uğurlardan zövq almaq istəyirəm”.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”in formasını geyinir. Onun Səudiyyə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Portuqaliyalı futbolçu karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, Madrid “Real”ı və “Yuventus”un da formasını geyinib.