- Offside
- 01:38 19.08.2026
“Sabah” basketbol klubu yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışı keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Bakı təmsilçisinin hazırlıq prosesi avqustun 23-dən sentyabrın 14-dək davam edəcək. Komanda bu müddətdə Avropa turnirlərində iştirak edəcək klublarla bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.
“Sabah” avqustun 26-da “Yuventus Utena” (Litva), 29-da “Şyaulyay” (Litva), sentyabrın 3-də “London Layons” (Böyük Britaniya), 6-da isə “Jalgiris” (Litva) ilə qarşılaşacaq.
Paytaxt klubunun hazırlıq proqramı sentyabrın 12-13-də Klaypedada keçiriləcək “Vladas Qarastas Kuboku” ilə başa çatacaq. “Sabah” turnirin yarımfinalında Litvanın “Neptunas” komandası ilə üz-üzə gələcək.
Kubokun digər iştirakçıları Latviyanın “Zelli Riqa” və Litvanın “Şyaulyay” klubları olacaq.
Qeyd edək ki, “Sabah”ın yoxlama oyunlarındakı rəqiblərindən “Yuventus Utena” Basketbol Çempionlar Liqasında, “Şyaulyay”, “London Layons”, “Neptunas” və “Zelli Riqa” Avropa Kubokunda, “Jalgiris” isə Avroliqada mübarizə aparacaq.