19 avqust 2026. Çərşənbə

Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatında yarımfinala yüksəldi


  • Offside
  • 17:53 18.08.2026
  • Oxunma sayı: 21
Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycanın üç güləşçisi Slovakiyanın Bratislava şəhərində keçirilən U-20 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

90deqiqe.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  Azərbaycan təmsilçilərindən ikisi yunan-Roma, biri isə qadın güləşi üzrə mübarizə aparır.

Yunan-Roma güləşində 60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov fransalı Maqomed Varayevi 9:0, braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabı ilə məğlub edib. O, yarımfinalda iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.

82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə gürcüstanlı Luka Pipiyanı və yaponiyalı Rondo Kodamanı 8:0 hesabı ilə üstələyib. O, dörddəbir finalda özbəkistanlı Bekmurod Rustamovu 1:1 hesabında ilk xal prinsipinə əsasən məğlub edərək yarımfinala yüksəlib. Güləşçimizin növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.

Qadın güləşində 53 kq çəki dərəcəsində çıxış edən Zəhra Kərimzadə türkiyəli İlayda Çini “tuş”la məğlub edərək yarımfinala adlayıb. O, finala gedən yolda Hindistan təmsilçisi Tanu Şarma ilə qarşılaşacaq.

72 kq çəki dərəcəsində mübarizə aparan Esra Məmmədli isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya 1:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da, medal uğrunda qarşılaşmalar isə saat 20:00-da başlayacaq.







Offside