- Offside
- 01:38 19.08.2026
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, yarışın üçüncü günündə yunan-Roma güləşində 60 və 82 kq, qadın güləşində isə 50, 53 və 72 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.
60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov inamlı çıxış edib. Dünya çempionumuz əvvəlcə fransalı Maqomed Varayevi 9:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Daha sonra braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə üstələyən A.Cavadov yarımfinala vəsiqə qazanıb.
Azərbaycan güləşçisi yarımfinalda iranlı Əmirəli Heydərini 4:3 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə U-20 dünya çempionatının finalına yüksəlib. O, sabah həlledici görüşdə Özbəkistan təmsilçisi Dostonbek Oripovla qarşılaşacaq.
82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev isə ilk iki görüşünü vaxtından əvvəl qələbə ilə başa vurub. O, gürcüstanlı Luka Pipiyanı və yaponiyalı Rondo Kodamanı 8:0 hesabı ilə məğlub edib. 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən 1:1 hesabı ilə üstələyən güləşçi yarımfinalda belaruslu Kiril Valevskı ilə üz-üzə gəlib. Bu qarşılaşmada 4:7 hesabı ilə məğlub olan E.Əliyev bürünc medal uğrunda mübarizə aparacaq.
Esra Məmmədli 53 kq çəki dərəcəsində təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızına 1:7 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
72 kq-da çıxış edən Zəhra Kərimzadə isə mübarizəyə 1/4 finaldan başlayıb. O, türkiyəli İlayda Çini “tuş”la məğlub etsə də, yarımfinalda Hindistan təmsilçisi Tanu Şarmaya 0:11 hesabı ilə uduzub. Azərbaycan güləşçisi bürünc medal uğrunda Liliana Kazmina (Rusiya) – Petra Müller (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.