- Offside
- 01:33 20.08.2026
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovla qarşılaşıb. İlk hissədə 4 xallıq fənd icra edən Ayxan Cavadov görüşün taleyini həll edib və rəqibini 4:1 hesabı ilə məğlub edərək dünya çempionu titulunu qoruyub.
Beləliklə, Azərbaycan təmsilçisi ardıcıl ikinci dəfə U-20 dünya çempionatının qalibi olub.
82 kq çəki dərəcəsində çıxış edən Elmin Əliyev isə bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi İsmayıl Bərəkətlə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ alan Azərbaycan idmançısı üstünlüyünü sonadək qoruyaraq 7:1 hesablı qələbə qazanıb və dünya çempionatının bürünc medalına sahib çıxıb.
72 kq-da mübarizə aparan Zəhra Kərimzadə isə bürünc medal uğrunda qarşılaşmada Rusiya təmsilçisi Liliana Kazminaya “tuş”la məğlub olub. Bununla da güləşçimiz mundialı 5-ci pillədə başa vurub.
Beləliklə, Azərbaycanın U-20 dünya çempionatında qazandığı medalların sayı 5-ə yüksəlib. Daha əvvəl Cavidan Nehmətov (77 kq) gümüş, Emin Cavadlı (55 kq) və Tural Əhmədov (63 kq) isə bürünc medala layiq görülüblər.