- Offside
- 23:12 20.08.2026
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında medal qazanan Azərbaycan paracüdoçuları ilə görüşüb.
MPK-dan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə qitə birinciliyində 1 qızıl və 3 bürünc medal qazanan İlham Zəkiyev, Saleh Sultanov, Dürsədəf Kərimova və Xatirə İsmiyeva, həmçinin milli komandaların baş məşqçiləri İbrahim İbrahimov və Ramin İbrahimov, eləcə də komandanın digər üzvləri iştirak ediblər.
Toplantıda idmançıların Avropa çempionatındakı çıxışları və yarış təəssüratları müzakirə olunub. Qarşıdakı beynəlxalq turnirlər, milli komandanın hazırlıq prosesi və gələcək hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.
MPK-nın baş katibi Toğrul Rəhimov İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu uğur yeni nəsil paracüdoçuların yetişdirilməsi baxımından mühüm motivasiya mənbəyidir.
Komitə rəsmisi medalçıları əldə etdikləri nəticələr münasibətilə təbrik edib və qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Görüşdə MPK-nın İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.