- Offside
- 23:12 20.08.2026
Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın Bratislava şəhərində keçirilən U-20 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova ardıcıl üç qələbə əldə edib. O, macarıstanlı Liliana Kapuvarini 12:1, özbəkistanlı Ulbiye Karılıbayeva 11:1 hesabı ilə məğlub edib, kanadalı Aqniya Krakovskayanı isə “tuş”la üstələyib.
Günay Qurbanova final uğrunda Hindistan təmsilçisi Tanvi Gundeş Maqdumla qarşılaşacaq.
59 kq-da çıxış edən U-20 Avropa çempionatının üçqat qalibi Ruzanna Məmmədova da inamlı təsir bağışlayıb. Azərbaycan güləşçisi ispaniyalı Roza Molina Rodriqesi 10:0, hindistanlı Komal Komalı isə 14:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. R.Məmmədovanın növbəti rəqibi Macarıstan təmsilçisi Eda Balaş olacaq.
Sərbəst güləşdə isə Camal Abbasov (61 kq) və Məhəmməd Abbaszadə (86 kq) mübarizəni davam etdirə bilməyiblər.
Camal Abbasov moldovalı Marçel Andronake və monqolustanlı Dulquun Enxbaatarı 10:0 hesabı ilə üstələsə də, 1/4 finalda ABŞ təmsilçisi Aaron Ceyms Zaydelə 2:13 hesabı ilə məğlub olub.
Məhəmməd Abbaszadə isə bolqarıstanlı Alan Tigiyevi “tuş”la məğlub edib. Lakin 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə uduzaraq yarışla vidalaşıb.