- Offside
- 23:18 21.08.2026
Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, avqustun 19-20-də təşkil olunan yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər müxtəlif proqramlar üzrə qüvvələrini sınayıblar.
Akrobatika gimnastikasında iştirakçılar balans, temp və qarışıq hərəkətlər proqramlarında mübarizə aparıblar. İlk yarış günündə balans və temp, ikinci gündə isə qarışıq hərəkətlər üzrə çıxışlar keçirilib.
Uşaqlar arasında qadın cütlüklərinin mübarizəsində BGM 3 komandası – İlahə Əhmədova və Fidan Qurbanova birinci olub. BGM 1 komandası – Mədinə Məmmədli və Melisa Məmmədova gümüş, “Neftçi 3” komandası – Mədinə Bağızadə və Dafnə İsazadə isə bürünc medal qazanıb.
Yeniyetmələr arasında qadın qruplarında BGM 4 komandası – Ayan Hacılı, Aylin Məmmədova və Firuzə Qasımzadə qalib gəlib. BGM 3 komandası – Aişə Əlicanova, Canan Xəlilzadə və Zəhra Ağaverdiyeva ikinci, BGM 1 komandası – Əzizə Əliyeva, Nazrin Həsənova və Kamilla Tasoyeva üçüncü olub.
Aerobika gimnastikası üzrə isə fərdi çıxışlar, üçlüklər, qarışıq cütlüklər və qruplar arasında yarışlar təşkil olunub.
Gənclər arasında fərdi qadınlar proqramında Ayan Ağayeva qızıl medal qazanıb. Fidan İbrahimova ikinci, Əminə Mustafayeva isə üçüncü yeri tutub.
Mükafatlandırma mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak edib. Qaliblər və mükafatçılar medal və diplomlarla təltif olunublar.