- Offside
- 23:18 21.08.2026
Bakıda Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbir Bakı Kitab Mərkəzində təşkil olunub. Mərasimdə Milli Paralimpiya Komitəsinin və “Azərpoçt” MMC-nin rəhbərliyi, paralimpiyaçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və Vətən müharibəsində həlak olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycanın ilk paralimpiya çempionu İlham Zəkiyev belə layihələrin ölkənin paralimpiya hərəkatının inkişaf yolunun təbliği, paralimpiya dəyərlərinin və inklüzivliyin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Azərpoçt”un Marka şöbəsinin müdiri, Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının sədri Sitarə Hüseynovanın sözlərinə görə, yeni poçt markası 9 paraidman növünü özündə əks etdirir və Azərbaycanın paralimpiya hərəkatına həsr olunan ilk markadır.
Təqdimat zamanı markanın dizaynı və üzərində yer alan elementlər barədə iştirakçılara məlumat verilib. Ardınca yubiley münasibətilə hazırlanmış poçt markası və xüsusi zərf təqdim olunub.
Tədbirin sonunda “Azərpoçt”un İdarə Heyətinin üzvü Şaiq Qəribzadə və Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov poçt markası və xüsusi zərfi xüsusi möhürlə möhürləyiblər.