22 avqust 2026. Şənbə

Hacı Kərimov U-20 dünya çempionatında finala yüksəldi


  • Offside
  • 20:29 22.08.2026
  • Oxunma sayı: 39
Hacı Kərimov U-20 dünya çempionatında finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala vəsiqə qazanıb.

90deqiqe.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz yarışın yeddinci günündə uğurlu çıxışı ilə diqqət çəkib. Hacı Kərimov əvvəlcə Hindistan təmsilçisi Sumit Baraskarı 5:1, daha sonra Şimali Makedoniya güləşçisi Muhamed Veselini 11:2 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi 1/4 finalda Ermənistan güləşçisi Davit Davtyanı 12:0 hesabı ilə üstələyib. Yarımfinalda isə Misir təmsilçisi Mohamed Ahmedə 9:2 hesabı ilə qalib gələn H.Kərimov adını finala yazdırıb.

Güləşçimiz həlledici görüşdə İran təmsilçisi Sina Mehdi Xəlili ilə qarşılaşacaq.

125 kq çəki dərəcəsində çıxış edən Yusif Dursunov da yarışda uğurlu nəticə göstərib. O, yaponiyalı Hosey Fucitanı 11:1, hindistanlı Ronak Ronakı isə 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lakin finalın bir addımlığında ABŞ təmsilçisi Dreshaun Rossa 1:4 hesabı ilə uduzan Dursunov bürünc medal uğrunda mübarizə aparacaq.

74 kq-da çıxış edən İsmayıl Rəhimli təsnifat mərhələsində Özbəkistan təmsilçisi Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

97 kq çəki dərəcəsində yarışan Fərhad Süleymanlı isə ilk görüşündə Macarıstan təmsilçisi Robert Erdelyini 11:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda Belarus güləşçisi Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.







Offside