- Offside
- 23:50 23.08.2026
Azərbaycan qadın voleybol millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatında İspaniya üzərində qazanılan qələbəni dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Ayşən Abduləzimova komandanın oyun planına sadiq qaldığını və bütün görüş ərzində mübarizəni yüksək səviyyədə apardığını bildirib.
“Bu gün oyun üslubumuzdan kənara çıxmadıq. Qızlar əla mübarizə apardılar. Avropa çempionatında zəif rəqib yoxdur. Sadəcə, çəkinmədən döyüşmək lazımdır. Düşünürəm ki, turnirdə yaxşı şansımız var”, – deyə milli komandanın kapitanı vurğulayıb.
Milli Gimnastika Arenasında keçirilən C qrupunun ikinci tur matçında Azərbaycan yığması İspaniyanı 3:0 hesabı ilə məğlub edib.Beləliklə, Azərbaycan millisi Avropa çempionatında ilk iki oyununda iki qələbə qazanıb. Faiq Qarayevin rəhbərlik etdiyi yığma turnirin açılış matçında Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bakıdakı C qrupunda Azərbaycan və İspaniya ilə yanaşı, Niderland, Belçika, Portuqaliya və Rumıniya milli komandaları da mübarizə aparırlar. Qrup mərhələsinin oyunlarına avqustun 28-də yekun vurulacaq.