25 avqust 2026. Çərşənbə axşamı

“Bu qələbəni azarkeşlərimizə həsr edirik”


  • Offside
  • 09:54 24.08.2026
  • Oxunma sayı: 35
“Bu qələbəni azarkeşlərimizə həsr edirik”

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, C qrupunda mübarizə aparan yığmamız İspaniya seçməsi ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Komandanın libero oyunçusu Bəyaz Quluyeva görüşdən sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qələbəni şərh edib.

O, qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən gözlədiklərini bildirib:

“Bu qələbəni qazanmaq çox xoş hissdir. Oyunun daha gərgin və çətin mübarizə şəraitində keçəcəyini gözləyirdik. İspaniya daha öncə Belçikaya kifayət qədər ciddi müqavimət göstərmişdi. Lakin biz də ilk oyundakı səhvlərimiz üzərində çalışdıq və bu gün daha yaxşı çıxış etdik, inamlı qələbə qazandıq”.

Bəyaz Quluyeva qazanılan uğuru azarkeşlərə həsr etdiklərini vurğulayıb:

“Bu qələbəni bizi həm arenada canlı olaraq dəstəkləyən, həm də televiziya vasitəsilə izləyən bütün azarkeşlərimizə həsr edirik”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda mübarizəsini davam etdirir.







Offside