- Offside
- 21:13 24.08.2026
Sentyabrın 5-də Bakıda ilk dəfə “Alufar Ironman 70.3 Baku” beynəlxalq triatlon yarışı keçiriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 90deqiqe.Az-a verilən məlumata görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Beynəlxalq yarışda 62 ölkədən 1500-ə yaxın idmançının iştirakı gözlənilir.
İştirakçılar üç mərhələdə mübarizə aparacaqlar. İlk olaraq Xəzər dənizində 1,9 kilometr məsafəyə üzəcəklər. Daha sonra şəhərin müxtəlif ərazilərini əhatə edən 90,1 kilometrlik velosiped mərhələsi, son olaraq isə Bakı Bulvarı boyunca 21,1 kilometrlik qaçış keçiriləcək.
Yarışın finiş xətti “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında yerləşəcək.
Yarışın nəticələri idmançılar üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, kişi və qadın kateqoriyalarında ilk 25 pilləni tutan iştirakçılar 2027-ci ildə ABŞ-də keçiriləcək “Ironman 70.3” dünya çempionatına vəsiqə qazanacaqlar.
Sentyabrın 4-də isə triatlon həvəskarları və uşaqlar üçün xüsusi tədbirlər təşkil olunacaq.
Belə ki, müxtəlif yaş qrupları üzrə “Ironkids”, 18 yaşdan yuxarı şəxslər üçün isə 5 kilometrlik “Fun Run” qaçışı keçiriləcək.
“Ironkids” yarışında 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, “Ironman” seriyasının ilk yarışı 1978-ci ildə Havay adalarında təşkil olunub. Bakının ilk dəfə ev sahibliyi edəcəyi “Ironman 70.3” isə şəhərin beynəlxalq idman tədbirləri təqviminə daha bir mötəbər yarış əlavə edəcək.