25 avqust 2026. Çərşənbə axşamı

“Hər oyun qızıl dəyərindədir”


  • Offside
  • 10:59 24.08.2026
  • Oxunma sayı: 41
“Hər oyun qızıl dəyərindədir”

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatında İspaniya üzərində qazandığı parlaq qələbə ilə növbəti mərhələyə yüksəlmək yolunda mühüm addım atıb.

90deqiqe.Az-ın məlumatına görə, C qrupunda mübarizə aparan yığmamız Milli Gimnastika Arenasında İspaniya seçməsini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra millimizin təcrübəli oyunçusu Yelizaveta Ruban qələbənin əhəmiyyətindən danışıb.

O, ilk növbədə komandaya dəstək olan azarkeşlərə təşəkkür edib:

“Əvvəla, bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu oyun bizim üçün çox vacib idi. Çünki İspaniya ilə daha əvvəl Avropa Liqasında qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşduq”.

Ruban bu dəfə komandanın oyuna daha ciddi hazırlaşdığını və əvvəlki görüşlə müqayisədə səhvləri minimuma endirdiklərini bildirib:

“Komandamdan və bu gün nümayiş etdirdiyimiz oyundan məmnunam. İlk qarşılaşmadakından daha az səhv etdik və nəticədə qələbə qazandıq”.

Təcrübəli voleybolçu qarşıda duran əsas hədəfi də açıqlayıb. Onun sözlərinə görə, millinin başlıca məqsədi qrup mərhələsini uğurla başa vuraraq pley-offa yüksəlməkdir:

“Əsas məqsədimiz qrupdan çıxmaqdır. Lakin pley-offa hansı mövqedən yüksələcəyimiz də çox vacibdir. Bu, növbəti mərhələdə hansı rəqiblə qarşılaşacağımızı müəyyənləşdirəcək. Buna görə də hər oyun qızıl dəyərindədir. Hər qarşılaşmaya ciddi hazırlaşırıq və mümkün qədər çox qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi turnirin ilk oyununda Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib. Yığmamız növbəti görüşünü bu gün Rumıniyaya qarşı keçirəcək.

Azərbaycan – Rumıniya qarşılaşması saat 18:30-da Milli Gimnastika Arenasında başlayacaq.







Offside