- Offside
- 21:13 24.08.2026
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin İspaniya üzərində qazandığı 3:0 hesablı qələbə rəqib komandanın üzvü Marqa Pizanın da diqqətindən yayınmayıb.
90deqiqe.Az-ın məlumatına görə, İspaniya yığmasının voleybolçusu qarşılaşmadan sonra Azərbaycan millisinin meydanda daha üstün oyun sərgilədiyini etiraf edib.
“Azərbaycan çox yaxşı oynadı. Meydanda öz oyunlarını nümayiş etdirdilər və bacardıqlarını tam şəkildə ortaya qoydular. Bu gün rəqib bizdən üstün idi”, – deyə o bildirib.
Pizanın sözlərinə görə, İspaniya oyunun gedişində vəziyyəti dəyişməyə cəhd etsə də, buna nail ola bilməyib. O, xüsusilə Bakıdakı atmosferin meydan sahiblərinə əlavə motivasiya verdiyini vurğulayıb:
“Çox çətin qarşılaşma oldu. Meydan sahibinin azarkeşləri qarşısında oynamaq və tribunaların təzyiqini hiss etmək asan deyil. Doğma azarkeşlərin dəstəyi komandaya böyük üstünlük verir. Amma nəticənin əsas səbəbi Azərbaycan millisinin bizdən daha yaxşı çıxış etməsi idi”.
İspaniyalı voleybolçu Azərbaycan millisinin heyətində Polina Rəhimovanın oyununu xüsusi qeyd edib:
“17 nömrəli oyunçu xüsusilə diqqətimi çəkdi. Polina Rəhimova əla çıxış etdi və komandası üçün çox faydalı oldu”.
Piza Azərbaycanla İspaniyanın əvvəlki qarşılaşmasını da xatırladıb. Onun sözlərinə görə, həmin oyunda İspaniya istədiyi nəticəni əldə etsə də, Bakıda vəziyyət tamamilə fərqli olub:
“İspaniyada keçirilən görüşdə daha yaxşı idik və öz oyunumuzu diktə edə bilmişdik. Burada isə bunu təkrarlaya bilmədik. Azərbaycan millisinin bizim oyun planımızı yaxşı oxuduğunu hiss etdik. Rəqib nə edəcəyimizi bilirdi və belə vəziyyətdə matçın gedişini dəyişmək çox çətin olur”.
Marqa Piza Azərbaycan millisinin yalnız hücumda deyil, digər oyun komponentlərində də güclü olduğunu bildirib:
“Azərbaycan çox komplekt komandadır. Hücumda təhlükəlidirlər, servisləri keyfiyyətlidir. Blokda və müdafiədə də aqressiv və yüksək tempdə oynayırlar. Meydanda nə etməli olduqlarını çox yaxşı bilirlər”.
Beləliklə, Azərbaycan millisi İspaniya üzərində inamlı qələbə qazanaraq Avropa çempionatında növbəti mərhələyə yüksəlmək istiqamətində mühüm üstünlük əldə edib.