26 avqust 2026. Çərşənbə

“Azərbaycanın ev sahibi olması onlara ciddi üstünlük verdi”


  • Offside
  • 11:23 25.08.2026
  • Oxunma sayı: 40
“Azərbaycanın ev sahibi olması onlara ciddi üstünlük verdi”

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatında Rumıniya üzərində dramatik qələbə qazanıb.

  90deqiqe.Az-ın məlumatına görə, Rumıniya millisinin voleybolçusu Diana Vereş qarşılaşmadan sonra Azərbaycan yığmasının ev sahibi kimi azarkeş dəstəyindən yararlandığını bildirib.

O, Bakıda keçirilən görüşün əvvəlində komandasının istədiyi oyunu nümayiş etdirə bilmədiyini deyib:

“Matça yaxşı başlaya bilmədik. İlk setdə yol verdiyimiz səhvlər bizə baha başa gəldi. Sonrakı hissədə oyuna qayıtmağı bacarsaq da, həlledici məqamlarda diqqətimizi qorumaqda çətinlik çəkdik”.

Vereş Azərbaycan millisinin son illərdə nəzərəçarpacaq dərəcədə gücləndiyini vurğulayıb. Rumıniyalı oyunçu rəqib komandanın heyətində təcrübəli voleybolçuların yer almasının onun oyununa müsbət təsir etdiyini söyləyib.

“Azərbaycan yaxşı komandaya çevrilib. Heyətə təcrübəli və keyfiyyətli oyunçuların qoşulması onların gücünü artırıb. Mən xüsusilə Yelizaveta Rubanı fərqləndirərdim. Onun oyununu çox bəyəndim”, - deyə Vereş qeyd edib.

Rumıniyalı voleybolçu Bakıda tribunaların tamamilə Azərbaycan millisinin tərəfində olmasının görüşün gedişinə də təsir etdiyini düşünür:

“Azərbaycan öz meydanında oynayırdı və bütün zal onların arxasında idi. Belə atmosferdə oynamaq ev sahibi üçün böyük üstünlükdür”.

Qeyd edək ki, Rumıniya üzərində qələbədən sonra xallarının sayını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini qoruyur. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv bundan əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi növbəti oyunlarını Belçika və Niderland yığmalarına qarşı keçirəcək.







Offside