- Offside
- 19:57 25.08.2026
Azərbaycan Üzgüçülük Federasiyası yerli mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və üzgüçülük təhsilinin inkişaf etdirilməsi istiqamətində yeni əməkdaşlığa start verib.
Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, qurum bu məqsədlə Sloveniyanın tanınmış mütəxəssisi Boro Ştrumbeli layihəyə cəlb edib.
Əməkdaşlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində əsas diqqət məşqçi və hakimlərin hazırlığına, onların sertifikatlaşdırılaraq lisenziyalaşdırılmasına yönəldiləcək. Bundan əlavə, Azərbaycan İdman Akademiyasına qəbul və tədris prosesinin təkmilləşdirilməsi, eləcə də “Üzməyi Öyrənək” layihəsi üzrə işlərin təşkili nəzərdə tutulur.
Boro Ştrumbel 2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik edib. Hazırda Lyublyana Universitetinin idman fakültəsində dosent kimi fəaliyyət göstərən mütəxəssis idman elmi, diaqnostika, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində ixtisaslaşıb.
O, həmçinin Avropa Su İdmanı Federasiyasının “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri olub. Hazırda isə həmin qurumun Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.
Yeni əməkdaşlığın Azərbaycanda üzgüçülük üzrə mütəxəssis hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılmasına və bu sahədə təhsil imkanlarının genişləndirilməsinə töhfə verməsi gözlənilir.