27 avqust 2026. Cümə axşamı

“Dünən ağır matç oynayan rəqib yox, biz idik”


  • Offside
  • 21:02 26.08.2026
  • Oxunma sayı: 9
“Dünən ağır matç oynayan rəqib yox, biz idik”

Azərbaycan millisinin üzvü Polina Rəhimova qadın voleybolçular arasında Bakıda keçirilən Avropa çempionatında Belçikaya 0:3 hesablı məğlubiyyəti şərh edib.

 90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən C qrupunun IV tur matçından sonra danışan təcrübəli voleybolçu qarşılaşmanın komandaları üçün gözlənildiyindən daha ağır keçdiyini bildirib.

Rəhimova Azərbaycan millisinin oyunun əvvəlindən ciddi çətinliklərlə üzləşdiyini vurğulayıb:

“Komandada problemlər çoxdur və onların hamısını indi sadalamağa ehtiyac yoxdur. Buraxdığımız səhvləri özümüz də yaxşı anlayırıq. Bu gün elə təsir bağışladı ki, dünən ağır matç keçirən Belçika yox, məhz biz idik. İlk dəqiqələrdən oyun bizim üçün çətinləşdi. Rəqib bizi çox yaxşı analiz etmişdi və müdafiədə çox inamlı çıxış etdi”.

Milli komandanın hücumçusu əsas çatışmazlığın müdafiə xəttində olduğunu qeyd edib. Onun sözlərinə görə, məşqlərdə bu komponentə daha çox diqqət ayrılmalıdır:

“Əsas problemimiz məşq prosesində müdafiənin lazımi səviyyədə olmamasıdır. Müdafiədə daha yaxşı oynasaq, hücumlarımız da effektivləşər. Bu gün həm güclü zərbələrdə, həm də texniki fəndlərdə rəqib meydançasında boşluq tapmaqda çətinlik çəkdik. Məşqlərdə asan xal qazandıqda hücumumuzun yaxşı olduğunu düşünürük. Amma beynəlxalq səviyyədə bunun kifayət etmədiyini bu oyun göstərdi”.

Rəhimova fərdi səhvlərin də görüşün nəticəsinə təsir etdiyini və qadın voleybolunda psixoloji hazırlığın xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bəzən ən sadə səhvlər belə komandaya ciddi təsir edir. Qadın voleybolunda bir xal oyunun bütün gedişatını dəyişə bilər. Təəssüf ki, sadə epizodlarda xal itirdiyimiz anlar oldu. Heç kim qəsdən səhv etmir, hər kəs maksimum nəticə üçün mübarizə aparır. Ancaq belə texniki xətalar oyunun gedişinə mənfi təsir göstərir”.

Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 8 xalla Niderland və Belçika ilə birlikdə C qrupunun ilk üç pilləsini bölüşür. Faiq Qarayevin yetirmələri bundan əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniyanı (3:2) məğlub edib.







Offside