- Offside
- 21:08 26.08.2026
Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Bakıda keçirilən Avropa çempionatında Belçikaya məğlubiyyəti dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Milli Gimnastika Arenasında C qrupunun IV turunda Belçikaya 0:3 hesabı ilə uduzan yığmanın üzvü ilk olaraq azarkeşlərin dəstəyini xüsusi qeyd edib.
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Onlar qarşılaşmanın sonuna qədər bizi dəstəklədilər. Bu, bizim üçün çox xoş və dəyərli idi. Onların dəstəyi meydanda bizə böyük motivasiya verirdi”
Təcrübəli voleybolçu məğlubiyyətdə xüsusilə üçüncü setdə yol verilən səhvlərin rol oynadığını vurğulayıb:
“Üçüncü setdə ardıcıl xallar qazana bilmədik. 8-9 xal dalbadal əldə edə bilməməyimiz vəziyyətə ciddi təsir göstərdi. Bundan sonra komandada müəyyən ruh düşkünlüyü yarandı və bu da matçın nəticəsinə təsirsiz ötüşmədi”.
Ruban əvvəlki qələbələrin komandada arxayınlıq yaratmadığını, lakin Belçikanın bu görüşdə daha üstün oyun nümayiş etdirdiyini bildirib:
“Matça tam hazırlaşmışdıq və mübarizə aparmaq istəyirdik. Əvvəlki qələbələrdən sonra arxayınlaşmamışdıq. Sadəcə, bu gün rəqib bizdən daha güclü idi. Əslində, onlarla başabaş mübarizə apara bilərdik, amma üstün tərəf Belçika oldu”.
Milli komandanın üzvü məğlubiyyətə baxmayaraq, turnirin davamında mübarizəni sona qədər davam etdirəcəklərini söyləyib:
“Biz bu oyuna yalnız qələbə məqsədi ilə çıxmışdıq. Sonadək mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Turnir cədvəlindəki mövqeyimiz bizim üçün çox önəmlidir. Təəssüf ki, bu dəfə planımızı həyata keçirə bilmədik”.
Qeyd edək ki, Azərbaycan millisi 4 turdan sonra 8 xalla Niderland və Belçika ilə birlikdə C qrupunda ilk üç pilləni bölüşür. Yığma turnirdə daha əvvəl Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edib.