29 avqust 2026. Şənbə

“Niderlanda qalib gələ bilərdik, amma səhvlər imkan vermədi”


  • Offside
  • 22:14 28.08.2026
  • Oxunma sayı: 48
“Niderlanda qalib gələ bilərdik, amma səhvlər imkan vermədi”

“Bu gün Niderland yığmasına qalib gələ bilərdik. Voleybolçularımız oyuna yaxşı hazırlaşmışdılar, lakin yol verdiyimiz səhvlər qələbəyə imkan vermədi”.

90deqiqe.Az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Avropa çempionatında Niderlanda qarşı keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis 1:3 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirib:

“Qızlara təşəkkür edirəm, sona qədər mübarizə apardılar və yaxşı oynadılar. Məqsədimiz qrupdan çıxmaq idi və buna nail olduq. Mən maksimalistəm, əlbəttə, daha çox qələbə qazanmaq istəyirdim. Həm Belçika, həm də Niderlandla oyunlarda qalib gəlmək imkanımız var idi. Təəssüf ki, komandamızda belə yüksək səviyyəli yarışlarda kifayət qədər təcrübəsi olmayan çoxlu oyunçu var”.

Faiq Qarayev Niderlandla matçın ilk setində komandanın nümayiş etdirdiyi oyunu xüsusi qeyd edib:

“Birinci setdə çox gözəl oynadıq. Qızlar digər setlərdə də eyni üstünlüyü davam etdirə bilərdilər. Lakin texniki səhvlər buna imkan vermədi. Niderland çox təcrübəli komandadır. Buna baxmayaraq, onlarla bərabər səviyyədə mübarizə apardıq”.

Baş məşqçi komandanın Avropa çempionatının pley-off mərhələsinə yüksəlməsini böyük nailiyyət kimi qiymətləndirib:

“Qrupdan necə çıxacağımızı hamı soruşurdu. Sonda bunu bacardıq. Düşünürəm ki, bu, Azərbaycan voleybolu üçün böyük uğurdur. İndi isə qızlara dəstək olmaq lazımdır”.

Qarayev milli komandanın kapitanı Ayşən Abdullazadənin jurnalistlərlə oyundan sonra yaşadığı insidentə də münasibət bildirib.

“Mən inanmıram ki, Ayşən jurnalistlərə hörmətsizlik etmək istəyib. Əgər hansısa anlaşılmazlıq olubsa, bunu həll etmək mümkündür. Ayşən çox tərbiyəli, vətənpərvər və ölkəsini sevən qızdır. Əgər belə bir söz deyibsə, deməli, haqsız olub. Düşünürəm ki, oyundan sonra emosiyalar yüksək idi. Belə hallar baş verə bilər”.

Baş məşqçi jurnalistlərin milli komanda üçün əhəmiyyətini də vurğulayıb:

“Jurnalistlər bizim dostlarımızdır. Bizi işıqlandırır, oyunumuzu göstərir və həm tənqid edir, həm də yaxşı tərəflərimizi yazırlar. Biz uduzmuşuqsa, istədiyiniz qədər tənqid edə bilərsiniz. Mən tənqiddən qorxmuram. Bu məsələni burada bağlamaq lazımdır”.

Azərbaycan millisinin 1/8 final mərhələsində mümkün rəqiblərindən danışan Faiq Qarayev Polşa ilə qarşılaşmağa üstünlük verdiyini bildirib:

“Polşanı seçərdim. Amma ən çox Almaniya və ya Sloveniya ilə oynamaq istəyərdim”, - deyə baş məşqçi zarafatla əlavə edib.







Offside