- Offside
- 00:26 29.08.2026
“Doğma divarlar arasında oynamaq inanılmaz hiss idi. Azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox emosional oyun oldu. Əlbəttə, daha artığını istəyirdik. Bu gün qələbə qazanmaq arzusunda idik, amma təəssüf ki, alınmadı”.
90deqiqe.Az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Avropa çempionatında Niderlandla keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Voleybolçu 1:3 hesabı ilə başa çatan qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib.
“Niderland asan rəqib deyil. Onlar Avropanın ən güclü beş komandasından biridir. Hesab edirəm ki, bu gün onlarla bərabər səviyyədə mübarizə apardıq. İlk setdə rəqibin oyunu istədiyi kimi alınmadı və biz bundan istifadə edərək daha üstün çıxış etdik”, - deyə Ruban qeyd edib.
O, qarşılaşmanın sonrakı setlərində yol verilən səhvlərin komandaya baha başa gəldiyini vurğulayıb:
“Daha sonra Niderland özünü toparladı. Təəssüf ki, bəzi səhvlərimizə görə vacib xallar itirdik. Buna baxmayaraq, qrupdan üçüncü pillədə çıxmağımızı böyük nəticə hesab edirəm. Çünki əvvəlki Avropa çempionatında ümumiyyətlə qrup mərhələsini keçə bilməmişdik”.
Yelizaveta Ruban millinin pley-off mərhələsində də mübarizəyə hazır olduğunu bildirib:
“İndi növbəti oyuna hazırlaşacağıq və sona qədər mübarizə aparacağıq. Nəticənin necə olacağını isə zaman göstərəcək”.