- Offside
- 23:31 29.08.2026
Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, idmançımız üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Georgi Elbakiyevlə qarşılaşıb. Ömər Rəcəbli rəqibini məğlub edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları isə medal qazana bilməyiblər. Südabə Ağayeva (70 kq), Kamran Süleymanov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), eləcə də Vüsal Qələndərzadə (81 kq) turnirlə vidalaşıblar.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunur. Onlardan 10-u kişi, 4-ü isə qadın idmançıdır.
Xatırladaq ki, turnirin ilk günündə Azərbaycanı təmsil edən beş cüdoçu mübarizəni medalsız başa vurmuşdu.
Lozannada keçirilən “Böyük Dəbilqə” turnirinə avqustun 30-da yekun vurulacaq.