30 avqust 2026. Bazar günü

Azərbaycan çempionatında trek velosipedçilərinin qalibləri müəyyənləşib


  • Offside
  • 01:09 30.08.2026
  • Oxunma sayı: 40
Azərbaycan çempionatında trek velosipedçilərinin qalibləri müəyyənləşib

Trek velosipedi üzrə Azərbaycan çempionatı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, avqustun 26-dan 28-dək keçirilən ölkə çempionatında müxtəlif yaş kateqoriyaları üzrə velosipedçilər bir sıra proqramlarda mübarizə aparıblar.

U-15 qızlar arasında 500 metr məsafəyə fərdi ötüşmədə, həmçinin 200 metr sprint və 5 kilometr skretç yarışlarında Amina Cəfərova qalib olub. Elenika Vəlizadə isə bu proqramların hər üçündə gümüş medal qazanıb.

U-15 oğlanlar arasında 500 metr fərdi ötüşmə, 7,5 kilometr skretç və 200 metr sprint yarışlarının qalibi İsmayıl Xankişiyev olub. O, müvafiq olaraq Abdurrəhman Rəfiyev, Mirəli Miryəhyayev və Anar Mustafazadəni qabaqlayıb.

U-17 qızlarda Məryəm Hüseynova 2 kilometr fərdi ötüşmə, xallar üzrə qrup ötüşməsi və 5 kilometr skretç yarışlarında qızıl medal əldə edib. Sevinc Sultanzadə həmin proqramların hər üçündə gümüş, Marina Akimova isə bürünc medal qazanıb.

U-17 oğlanlar arasında 2 kilometr fərdi ötüşmə və xallar üzrə qrup ötüşməsində İlkin Sadıqzadə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 22 dövrədən ibarət skretç yarışında isə Emil Vaxrameyev qalib olub.

Gənc oğlanların mübarizəsində xallar üzrə qrup ötüşməsində Çingiz İsayev, 3 kilometr fərdi ötüşmədə Rəhim Nağıyev, 10 kilometr skretç yarışında isə Nihad Xudoyev qızıl medal qazanıb.

Qeyd edək ki, trek üzrə Azərbaycan çempionatında müxtəlif yaş qruplarında ölkənin aparıcı velosiped klublarının və idman məktəblərinin nümayəndələri iştirak ediblər.







Offside