- Offside
- 23:01 30.08.2026
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri tam müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ilkin mərhələnin yekunlarına əsasən Bosniya və Herseqovinanın “Buba Mara” və Macarıstanın “Uypeşt” klubları 5-ci qrupa vəsiqə qazanıblar.
Qeyd edək ki, iyulun 8-də keçirilən püşkatmaya əsasən, 5-ci qrupa E qrupunun qalibi düşməli idi. Lakin həmin qrupun qalibi Ermənistan çempionu “Unisport” olduğundan UEFA-nın mövcud qaydalarına əsasən Azərbaycan və Ermənistan təmsilçilərinin eyni qrupda yer almasına yol verilməyib.
Bu səbəbdən E qrupunun qalibi əvəzinə D qrupunun lideri “Uypeşt” 5-ci qrupa daxil edilib.
Beləliklə, əsas mərhələnin 5-ci qrupunda Polşanın “Piast”, Azərbaycanın “Araz-Naxçıvan”, Bosniya və Herseqovinanın “Buba Mara” və Macarıstanın “Uypeşt” komandaları mübarizə aparacaqlar.
Qrup mərhələsinin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında 21-ci dəfə iştirak edəcək. Azərbaycan təmsilçisi turnirdə iştirak sayına görə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.