- Offside
- 21:17 31.08.2026
Görkəmli ictimai-siyasi xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunan III Beynəlxalq Reytinqli Şahmat Turniri başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Şahmat Federasiyası, “Nəfəs” İctimai Birliyi və “Məmmədyarovlar” Şahmat Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 24-dən 30-dək keçirilən turnirin bağlanış mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, “Məmmədyarovlar” Şahmat Mərkəzinin rəhbəri Zeynəb Məmmədyarova, Qənirə Paşayevanın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Yarışın əsas kateqoriyasında Atilla Cabbarlı bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. Xanimzar Hümbətli ikinci, Səid Əlizadə isə üçüncü yeri tutub.
Turnir çərçivəsində 8, 10, 12 və 14 yaşadək oğlan və qız şahmatçılar arasında da mübarizə aparılıb. Bu kateqoriyalarda Mustafa Maqsudsoy, Azad Xuduzadə, Kamran Babayev, Cavad Mürsəlzadə, Amina Amanzadə, Əsra Nəsibli, Alsu Mehtiyeva və Leyla Hümbətli qalib olublar.
Sonda qaliblərə pul mükafatları, kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, III Beynəlxalq Reytinqli Şahmat Turniri “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə keçirilib.