- Offside
- 17:39 01.09.2026
Ümumdünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə Türkiyənin Samsun şəhərində ilk dəfə beynəlxalq hakimlik kursu keçirilib.
Azərbaycan Kapoeyra Federasiyasından (AKF) 90deqiqe.Az-a verilən məlumata görə, kursa federasiyanın vitse-prezidenti Elgiz Əlizadə rəhbərlik edib.
WCF tərəfindən Elgiz Əlizadənin beynəlxalq hakimlik kurs və seminarlarının rəhbəri təyin olunması onun peşəkarlığına və beynəlxalq təcrübəsinə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirilib.
Bu təyinat Azərbaycan kapoeyrasının beynəlxalq səviyyədə tanınması, eləcə də ölkəmizin WCF daxilində mövqeyinin və rolunun daha da gücləndirilməsi baxımından mühüm addım hesab olunur.
Kursda müxtəlif ölkələrdən olan nümayəndələr iştirak ediblər. Təlim proqramı çərçivəsində beynəlxalq hakimlik sistemi, yarış qaydaları və qiymətləndirmə meyarları ilə bağlı nəzəri və praktiki məşğələlər keçirilib.
Beləliklə, Azərbaycan nümayəndəsinin beynəlxalq hakimlik kursuna rəhbərlik etməsi ölkəmizin kapoeyra sahəsində beynəlxalq müstəvidə artan rolunun göstəricilərindən biri kimi diqqət çəkib.