1 sentyabr 2026. Çərşənbə axşamı

Bakıda beynəlxalq çimərlik polosu turniri keçiriləcək


  • Offside
  • 16:34 01.09.2026
  • Oxunma sayı: 32
Bakıda beynəlxalq çimərlik polosu turniri keçiriləcək

Çimərlik polosu üzrə “Sea Breeze 2026” turniri sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”in təşkilatçılığı ilə baş tutacaq turnir “Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də təşkil olunacaq.

Yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda mübarizə aparacaq. Ümumilikdə 12 poloçunun iştirak edəcəyi turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasından olan idmançılar çıxış edəcəklər.

Turnirin hər üç günündə - sentyabrın 11-də, 12-də və 13-də saat 16:00-dan etibarən iki oyun keçiriləcək. Qarşılaşmaların cütlükləri və komandaların oyun günləri bir gün əvvəl keçiriləcək püşkatma mərasimi ilə müəyyənləşdiriləcək.

Çimərlik polosu formatında hər qarşılaşma dörd çukkerdən ibarət olacaq. Hər çukker təxminən 7 dəqiqə davam edəcək. Fasilələrlə birlikdə bir oyunun ümumi müddətinin 30-40 dəqiqə təşkil edəcəyi gözlənilir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda dəyişiklik edilə bilər.

Turnirin final qarşılaşması sentyabrın 13-də saat 16:00-da keçiriləcək. Finaldan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim olunması mərasimi təşkil ediləcək.

Turnir çərçivəsində tamaşaçılar üçün idman proqramı ilə yanaşı, DJ çıxışları və müxtəlif əyləncə proqramları da nəzərdə tutulub. Tədbirə giriş biletlə həyata keçiriləcək. Üç gün ərzində turniri təxminən 500 tamaşaçının izləyəcəyi gözlənilir.

“Sea Breeze 2026”nın qarşılaşmaları “İdman TV” tərəfindən canlı yayımlanacaq. Beynəlxalq polo auditoriyasına yönəlmiş “Polo Line” internet kanalı da turnirin media işıqlandırılmasında iştirak edəcək.

Turnirin keçirilməsi Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatlarının təqdim olunması, beynəlxalq polo ictimaiyyəti ilə əlaqələrin genişləndirilməsi və ölkəmizin böyükmiqyaslı beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək imkanlarının nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







Offside