- Offside
- 22:10 03.09.2026
Azərbaycan Peşəkar Futbol Liqası ilə dünyanın aparıcı idman təhsili qurumlarından biri olan “Johan Cruyff Institute” arasında əməkdaşlığa başlanılıb.
90deqiqe.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, burada əsas məqsəd PFL əməkdaşlarının beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. Tərəfdaşlıq çərçivəsində iştirakçılar institutun müxtəlif təhsil proqramlarından güzəştli şərtlərlə istifadə edə biləcəklər. Eyni zamanda, əməkdaşlıq təcrübə proqramlarını, tərəflər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur. Ölkə futbolunda kadr potensialının inkişafına töhfə vermək istiqamətində mühüm əhəmiyyət daşıyan proqram idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik istiqamətlərində xüsusi təhsil imkanlarına da şərait yaradacaq.
Əməkdaşlıqla bağlı fikirlərini bölüşən PFL prezidenti Elxan Səmədov proqramın əhəmiyyətini qeyd edib: "Peşəkar Futbol Liqası üçün beynəlxalq əməkdaşlıq futbolun inkişafına töhfə vermək istiqamətində səylərin mühüm hissəsidir və “Johan Cruyff Institute” ilə tərəfdaşlıq əməkdaşların peşəkar inkişafı baxımından mühüm imkanlar yaradır."
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Johan Cruyff Institute” idmanı əhatə edən müxtəlif sahələrdə ixtisaslaşıb, 90-dan çox proqram təqdim edir və geniş beynəlxalq şəbəkəyə malikdir.