- Offside
- 22:10 03.09.2026
Bakıda keçiriləcək üzgüçülük üzrə “Silk Way” Dünya Kubokunun ilk mərhələsinə hazırlıqla bağlı Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
ASF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə yarışın təşkili ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Gündəliyə texniki və təşkilati məsələlərlə yanaşı, yarış proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, həmçinin açılış və mükafatlandırma mərasimlərinin təşkili daxil edilib.
Dünya Kubokunun startına bir aydan az müddət qalması nəzərə alınaraq, qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib və növbəti mərhələdə görüləcək işlər üzrə müvafiq tapşırıqlar verilib.
İclasda ASF-nin rəhbərliyi və Yerli Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi 2026-cı il oktyabrın 1-3-də Bakıda keçiriləcək. Yarışın ikinci mərhələsinə oktyabrın 8-10-da Özbəkistanın Daşkənd, üçüncü mərhələsinə isə oktyabrın 15-17-də Qazaxıstanın Astana şəhəri ev sahibliyi edəcək.