3 sentyabr 2026. Cümə axşamı

AFFA-dan 4 klubla bağlı qərar - “Qarabağ” və “Neftçi” də cərimələndi


  • Offside
  • 17:38 03.09.2026
  • Oxunma sayı: 36
AFFA-dan 4 klubla bağlı qərar  - “Qarabağ” və “Neftçi” də cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının III turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadla xəbər verir ki, qərarlara əsasən, “Kəpəz”, “Qəbələ”, “Neftçi” və “Qarabağ” klubları müxtəlif səbəblərdən cərimələnib.

“Qəbələ” – “Şamaxı” matçından sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən ev sahibi klub 2500 manat məbləğində cərimələnib.

“Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında Gəncə təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığı üçün kluba 700 manat cərimə tətbiq olunub. Bundan əlavə, oyundan sonra meydana kənar şəxsin daxil olması və azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi səbəbindən “Kəpəz” müvafiq olaraq 2500 və 3000 manat cərimə ödəyəcək.

“Zirə” – “Neftçi” oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb. Bu səbəbdən “Neftçi” 500 manat cərimələnib. Paytaxt klubunun azarkeşlərinin meydana kənar əşya atması isə əlavə olaraq 2000 manat cərimə ilə nəticələnib.

“Sumqayıt” – “Qarabağ” matçında ev sahibi komandanın azarkeşlərinin rəqib klubun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” 5000 manat cərimə olunub.

Həmin görüşdə birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kadi Borqes 3 oyunluq cəzaya məruz qalıb. Cəzanın 1 oyunu şərti hesab edilib. “Qarabağ” isə 3000 manat məbləğində cərimələnib.

Kadi Borqesə verilən şərti cəzanın sınaq müddəti 6 ay müəyyənləşdirilib.







Offside