3 sentyabr 2026. Cümə axşamı

Bakıda “IRONMAN 70.3” həyəcanı başladı


  • Offside
  • 18:05 03.09.2026
  • Oxunma sayı: 42
Bakıda “IRONMAN 70.3” həyəcanı başladı

Bakıda sentyabrın 5-də keçiriləcək beynəlxalq “IRONMAN 70.3” triatlon yarışı ilə bağlı tədbirlərə start verilib.

Bakı Şəhər Halqasından 90deqiqe.Az-a verilən məlumata görə, Bakı Bulvarında, “Yeddi gözəl” fəvvarəsinin qarşısındakı ərazidə “IRONMAN” kəndi və əyləncə zonası fəaliyyətə başlayıb.

Ziyarətçilər burada müxtəlif interaktiv və əyləncəli fəaliyyətlərdə iştirak edə, yarış öncəsi “IRONMAN” ab-havasını yaxından hiss edə bilərlər. Bu gündən etibarən “IRONMAN 70.3 Baku” yarışında iştirak edəcək idmançıların qeydiyyatına da başlanılıb.

Yarışın əsas mərhələsi sentyabrın 5-də keçiriləcək. Dünyanın 62 ölkəsindən idmançıların qatılacağı yarış 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış olmaqla üç mərhələdən ibarətdir. Mübarizə kişi və qadınlar arasında 13 yaş kateqoriyası üzrə aparılacaq.

Yarış çərçivəsində estafet də təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandaların mübarizə aparacağı estafet yarışında ümumilikdə 47 komanda iştirak edəcək. Sonda ən fəal üç klub mükafatlandırılacaq.

“IRONMAN 70.3 Baku”da kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə əldə edəcək.

Tədbir proqramına sentyabrın 4-də keçiriləcək uşaqlar üçün “IRONKIDS” və “Fun Run” qaçışları da daxildir. “IRONKIDS” yarışında 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər. 18 yaşdan yuxarı şəxslər isə 5 kilometrlik “Fun Run” qaçışında iştirak edə bilərlər.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək.







Offside