- Offside
- 23:13 03.09.2026
İtaliyanın Battipaglia şəhərində keçirilən çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında Azərbaycan təmsilçiləri mübarizəyə başlayıblar.
90deqiqe.Az-ın məlumatına görə, oğlanların yarışında 33 ölkədən 40, qızların mübarizəsində isə 33 ölkədən 41 cüt iştirak edir. Azərbaycanı İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edir.
Qızlarımız təsnifat mərhələsində Portuqaliya təmsilçilərinə 0:2 (14:21, 16:21) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıblar.
İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü isə təsnifat mərhələsində Serbiya təmsilçilərini 2:0 (21:6, 21:11) hesabı ilə məğlub edərək əsas mərhələyə yüksəlib.
Azərbaycan cütü əsas mərhələdə ilk oyununu Finlandiyanın Vanhatupa/Viljamaa cütlüyünə qarşı keçirib. Gərgin mübarizə şəraitində keçən görüş İbrahim Məmmədov/Muhamməd Aslanlının 2:1 (14:21, 21:18, 15:10) hesablı qələbəsi ilə başa çatıb.
İbrahim Məmmədov/Muhamməd Aslanlı sabah növbəti görüşdə Norveç təmsilçiləri Kjemperud/Ringoen cütü ilə qarşılaşacaq.