- Offside
- 18:57 04.09.2026
Bakıda keçiriləcək beynəlxalq “IRONMAN 70.3” yarışına hazırlıq və tədbirin təhlükəsizliyinin təmin olunması məqsədilə sentyabrın 4-ü və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Bakı Şəhər Halqasından 90deqiqe.Az-a bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan mərhələli şəkildə qüvvəyə minəcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.
Məhdudiyyətlər Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq tətbiq olunacaq. Əks istiqamətdə hərəkətin təmin edilməsi üçün qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə bir hərəkət zolağı ayrılacaq.
Həmçinin Lökbatan dairəsi istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün bir hərəkət zolağının ayrılması nəzərdə tutulub.
Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülər alternativ olaraq Bakı–Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə bilərlər.
Məhdudiyyətlər yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-ü saat 21:00-dan sentyabrın 5-i saat 04:59-dək, yarışın əsas mərhələsində isə saat 05:00-dan 14:30-dək qüvvədə olacaq.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar məhdudiyyətlər saat 14:30-dan 16:00-dək davam etdiriləcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-də Bakıda keçiriləcək “IRONMAN 70.3” yarışında 62 ölkədən 1500-dən çox iştirakçının iştirakı gözlənilir.