- Offside
- 18:57 04.09.2026
Sentyabrın 6-da Naxçıvan şəhərində “Levent Bulut Fight Night – Nakhchivan” kikboksinq turniri keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi, “Levent Bulut – Naxçıvan” Döyüş Klubunun təşkilatçılığı ilə baş tutacaq yarış artıq ikinci dəfə təşkil olunur.
Turnirdə Azərbaycan və Türkiyənin müxtəlif klublarını təmsil edən idmançılar mübarizə aparacaqlar. Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında, həmçinin kişi və qadın kateqoriyalarında döyüşlər keçiriləcək.
Fərqlənən idmançılar turnirin sonunda mükafatlandırılacaqlar.
Yarış saat 10:00-da Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində başlayacaq. Turnirin rəsmi açılış mərasimi isə saat 15:00-da keçiriləcək.
Sentyabrın 5-də, turnirdən bir gün əvvəl, saat 15:00-da eyni məkanda iştirakçıların çəkiölçmə mərasimi təşkil olunacaq. Tədbir çərçivəsində döyüşçülərin yarışöncəsi “Face to face” görüşləri də keçiriləcək.