- Offside
- 20:14 05.09.2026
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışlarda 10 Qarabağ və 10 Dilbaz atı iştirak edib.
3 yaşlı Qarabağ atlarının 1400 metr məsafəyə yarışında Ramal Əliyevin çapdığı “Yıldız” adlı at birinci olub. Hilal Nəzərov “Asya” ilə ikinci, Orxanbəy Hacıyev isə “Kalibr”lə üçüncü yeri tutub.
4 yaşlı Dilbaz atlarının 1800 metr məsafəyə yarışında bu dəfə Orxanbəy Hacıyev “Zəmzəm”lə qalib gəlib. Ramal Əliyevin “Tomris” atı ikinci, Hilal Nəzərovun “Lavin”i isə üçüncü olub.
5 yaş və daha böyük Qarabağ atlarının 2000 metr məsafəyə yarışında Orxanbəy Hacıyev “Xatun”la finiş xəttini birinci keçib. Hilal Nəzərovun “Sultan”ı ikinci, Mahmud Ağazadənin “Pablo”su isə üçüncü olub.
Günün ən gərgin mübarizəsi 5 yaş və yuxarı Dilbaz atlarının yarışında yaşanıb. Hilal Nəzərovun “Bar-Bar”, Ramal Əliyevin “Senator” və Sadiq Azayevin “Dərviş” adlı atları finiş xəttini cəmi iki saniyə ərzində keçiblər. Nəticədə qaliblər bu ardıcıllıqla sıralanıblar.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışları sentyabrın 19-da keçiriləcək.