6 sentyabr 2026. Bazar günü

Bakıda “IRONMAN 70.3” başa çatdı - Azərbaycanlı idmançılar da qaliblər sırasında


  • Offside
  • 19:49 05.09.2026
  • Oxunma sayı: 19
Bakıda “IRONMAN 70.3” başa çatdı  - Azərbaycanlı idmançılar da qaliblər sırasında

Bakıda “IRONMAN 70.3” triatlon yarışı keçirilib.

90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən yarışda dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib.

Yarışın ümumi nəticəsində ən yaxşı vaxtı Xorvatiyanı təmsil edən Matej Yukiç göstərib. O, məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə başa vurub. ABŞ təmsilçisi Maksim Kryat isə 4 saat 1 dəqiqə 21 saniyə nəticə ilə ikinci olub.

Azərbaycan idmançıları arasında finiş xəttini ilk keçən Teymur Fərəcov olub. 40-44 yaş kateqoriyasında çıxış edən triatlonçu məsafəni 4 saat 36 dəqiqə 10 saniyəyə qət edib.

Yarışda üç azərbaycanlı öz yaş kateqoriyasında qalib adını qazanıb. Leyla Abdulazizova 18-24 yaş, Natalya Vallek 50-54 yaş qadınlar, Anatoliy Afonenko isə 75-79 yaş kişilər arasında birinci olub. Tural Atakişiyev 18-24 yaş kateqoriyasında ikinci yeri tutub.

Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də yarışda iştirak edərək məsafəni uğurla başa vurub.

Estafet yarışlarında da Azərbaycan təmsilçiləri mükafatçılar sırasında yer alıblar. Kişilər arasında Team Metak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci olub.

Qadın estafetində Team Nomad Queens (Qazaxıstan), kişi estafetində Team Zynqaholics (Qırğızıstan), qarışıq estafetdə isə Team Triunuty (Qazaxıstan) qalib gəlib.

Qeyd edək ki, “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələsindən ibarətdir. Yarış kişi və qadınlar arasında müxtəlif yaş kateqoriyaları üzrə keçirilib.

Yarışın yekununda kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” dünya çempionatına vəsiqə qazanıb.







Offside