- Offside
- 19:22 07.09.2026
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” beynəlxalq turniri keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, həmçinin məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında turnirdə iştirak edən 8 güləşçimiz fəxri kürsüyə qalxıb.
Azərbaycan millisinin heyətində Zirəddin Bayramov (70 kq), Arseni Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl medal qazanıblar.
Osman Nurmaqomedov (92 kq) və Xetaq Karsanov (125 kq) yarışı gümüş medalla başa vurublar. Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan milli komandası “Xadartsev qardaşlarının kuboku”nu 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.