7 sentyabr 2026. Bazar ertəsi

Azərbaycan Velosiped Federasiyasında məşqçilərlə bağlı müşavirə keçirilib


  • Offside
  • 16:46 07.09.2026
  • Oxunma sayı: 10
Azərbaycan Velosiped Federasiyasında məşqçilərlə bağlı müşavirə keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) velosiped idmanı sahəsində çalışan məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

AzVİF-dən 90deqiqe.Az-a bildirilib ki, müşavirədə çıxış edən AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov ölkədə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

O, idmançıların hazırlıq prosesinə sistemli və peşəkar yanaşmanın, məşq proqramlarının müasir tələblər əsasında qurulmasının, həmçinin hər bir idmançının fərdi potensialının müəyyənləşdirilərək düzgün qiymətləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və idmançıların inkişaf dinamikasının mütəmadi təhlil olunmasının zəruriliyi də diqqətə çatdırılıb.

Sahib Ələkbərov Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin qarşısında qoyulan vəzifə və tələblərin lazımi səviyyədə yerinə yetirilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanların olduğunu qeyd edib.

Bildirilib ki, bu səbəbdən məktəbin rəhbərliyi dəyişdirilib və təhsil ocağında ciddi islahatlara başlanılıb.

Regionlarda istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı da diqqətə çatdırılıb. Həmin bölmələrdə peşəkar və savadlı məşqçilər fəaliyyətə cəlb olunub, onların müvafiq yerlər və zəruri avadanlıqlarla təmin edilməsi həyata keçirilib.

Federasiyanın baş məşqçisi Vladimir Buşanski məşqçilərlə işin müasir tələblər səviyyəsində qurulması və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib.

Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov və Elçin Qasımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov və digər şəxslər çıxış ediblər.

Çıxışlarda ölkədə velosiped idmanının inkişafı üçün lazımi şəraitin yaradıldığı bildirilib. Qeyd olunub ki, bu idmana maraq göstərən uşaqlar və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi yaxın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərə imkan verə bilər.

Müşavirədə məşqçilərin öz üzərlərində daim çalışmasının, peşəkarlıqlarını artırmasının və vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmasının vacibliyi vurğulanıb.







Offside