- Offside
- 23:03 07.09.2026
Mövsümün sonuncu "Böyük Dəbilqə" turniri olan ABŞ Açıq Çempionatında qadınların fərdi yarışında Çin təmsilçisi Qinven Çjen və rusiyalı Mirra Andreeva 1/4 finala vəsiqə qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, Nyu-York şəhərində keçirilən turnirin 9-cu günündə 2022-ci ilin ABŞ Açıq çempionu, polşalı Iga Swiatek (8) 1/8 final mərhələsində Qinven Çjen ilə üz-üzə gəlib.
Qarşılaşmanı 7:5, 6:3 hesablı setlərlə 2:0 qazanan Çjen turnirin son 8-liyinə adını yazdırıb. Çinli tennisçinin 1/4 finaldakı rəqibi Naomi Osaka – Elena Rybakina cütünün qalibi olacaq.
Fransa Açıq Çempionatının son qalibi Mirra Andreeva (5) isə avstriyalı Anastasia Potapova (24) ilə qarşılaşıb.
Andreeva üç set davam edən görüşdə rəqibinə 5:7, 6:4, 6:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Rusiyalı tennisçi 1/4 finalda Iva Yoviç– Coco Qauff cütünün qalibi ilə qarşılaşacaq.