- Offside
- 01:40 09.09.2026
Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni vəzifəyə təyin olunub.
90deqiqe.Az xəbər verir ki, Bedri Meriç U-14 və daha aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandaların koordinatoru və baş məşqçisi olacaq.
Mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol II Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin “TED Ankara Koleji” və “Atakule Spor Akademiyası”nda aşağı yaş qrupları ilə işləyib və komandaları ilə yerli yarışlarda, eləcə də Türkiyə çempionatlarında uğurlar qazanıb.
Yeni təyinatı barədə danışan Bedri Meriç əsas məqsədinin aşağı yaş qruplarında istedadlı basketbolçuları üzə çıxarmaq və onların inkişafına şərait yaratmaq olduğunu bildirib.
“Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə yığmaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik”, – deyə o qeyd edib.
Qeyd edək ki, 2023/2024 mövsümündən Azərbaycan Basketbol Liqasında çalışan Bedri Meriç son üç mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib. O, ilk mövsümdə “Gəncə”yə, növbəti iki mövsümdə isə “Şəki”yə rəhbərlik edib.
Türkiyəli mütəxəssisin rəhbərliyi altında “Şəki” 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. 2025/2026 mövsümündə isə komanda klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.