- Offside
- 01:40 09.09.2026
Fransanın Strasburq şəhərində, Avropa Şurasında antidopinq sahəsində əməkdaşlıq və Avropa ölkələrinin Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əlaqələrinin müzakirəsinə həsr olunan iki mühüm tədbir keçirilib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Bildirilib ki, Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 72-ci və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə (T-DO) 63-cü iclasında ölkəmiz AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
CAHAMA-nın iclasında WADA-nın İcraiyyə Komitəsinin qarşıdakı toplantısının gündəliyi, Avropa nümayəndələrinin fəaliyyəti, OneVoice təşəbbüsü, eləcə də beynəlxalq antidopinq sistemində Avropa ölkələrinin mövqelərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
T-DO-nun iclasında 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi, iştirakçı dövlətlərdə milli antidopinq siyasətlərinin qiymətləndirilməsi, beynəlxalq standartlar, təhsil, hüquqi məsələlər, elm və antidopinq sahəsində əməkdaşlığın inkişafı ilə bağlı mövzular müzakirə olunub.
İclasda AMADA-nın hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsinin WADA ilə razılaşdırılması və qəbul edilməsi xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan və İrlandiya yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkələrdir.
Çıxış edən Təhminə Tağı-zadə bildirib ki, əsas məqsədimiz milli qaydaların yeni Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinə uğurla uyğunlaşdırılması olub. Sənəd hazırlanarkən ölkədaxili hüquqi tələblər və mövcud normativ-hüquqi baza da nəzərə alınıb. Hazırlıq mərhələsində AMADA tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi, eləcə də idman federasiyalarının nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş, geniş müzakirələr aparılmışdır.
Daha sonra T-DO altqrupunun təqdimatları dinlənilib. "Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası" üzrə işçi qrupunun (T-DO GEMA) sədri, AMADA-nın İcraçı direktorunun müavini Rüfət Efendiyev inkişaf təqdimatı ilə çıxış edib. Bildirib ki, cari ilin sonunadək hazırlanan Tövsiyənin ilkin versiyasının T-DO Monitorinq Qrupuna təqdim olunması nəzərdə tutulur.