- Offside
- 15:56 09.09.2026
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 60 futbol liqasında cari mövsümə uğurlu başlayan oyunçuların statistik göstəricilərini açıqlayıb.
90deqiqe.Az-ın CIES-in rəsmi saytına istinadən məlumatına görə, siyahıda Avropanın “böyük beşlik” çempionatlarında çıxış edən futbolçular yer almayıb. Buna baxmayaraq, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin adı da ən yaxşı göstəricilərə malik oyunçular sırasında yer alıb.
Cari mövsümün əvvəlində Polşanın “Rakuv” klubuna keçən 29 yaşlı forvardın ümumi performans indeksi 100 üzərindən 73,4 balla qiymətləndirilib.
Araşdırmaya əsasən, Emreli xüsusilə son zərbələrin dəqiqliyi və hücumların təşkilində yüksək göstəriciləri ilə seçilib. Onun son zərbələr üzrə göstəricisi 75 bal, hava toplarında 68,3, oyunun idarə olunmasında 59,4, qol epizodlarının yaradılmasında isə 50,3 bal təşkil edib.
Bu nəticə ilə Azərbaycan millisinin hücumçusu Polşa Ekstraklasasında ən yaxşı 20 futbolçu arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsümdə Polşa çempionatında 6 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.