9 sentyabr 2026. Çərşənbə

Azərbaycan cüdoçuları Budapeştdə “Böyük Dəbilqə”də mübarizə aparacaqlar


  • Offside
  • 15:53 09.09.2026
  • Oxunma sayı: 8
Azərbaycan cüdoçuları Budapeştdə “Böyük Dəbilqə”də mübarizə aparacaqlar

Sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmiz yarışda 11 çəki dərəcəsində 16 idmançı ilə təmsil olunacaq. Onlardan 12-si kişi, 4-ü qadın cüdoçudur.

Qadınların yarışında Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisionova (+78 kq) tatami üzərinə çıxacaqlar.

Kişilərin mübarizəsində isə Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nizami İmranov (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.

Azərbaycan millisinin heyətinə kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədaləti qoruyacaq.

Qeyd edək ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.







Offside

“Neftçi”dən yeni transfer
  • Offside
  • 13:13 09.09.2026
“Neftçi”dən yeni transfer