11 sentyabr 2026. Cümə

Cüdo üzrə milli komandaların üzvləri Rəşad Nəbiyevlə görüşdülər


  • Offside
  • 14:40 10.09.2026
  • Oxunma sayı: 11
Cüdo üzrə milli komandaların üzvləri Rəşad Nəbiyevlə görüşdülər

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb.

ACF-dən 90deqiqe.Az-a bildirilib ki, sentyabrın 10-da keçirilən görüşdə federasiya prezidenti cüdoçuları son beynəlxalq yarışlarda qazandıqları uğurlar münasibətilə təbrik edib.

Rəşad Nəbiyev avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında, həmçinin sentyabrın 3-6-da Monteneqronun Podqoritsa şəhərində təşkil olunan gənclər arasında Avropa çempionatında əldə edilən nəticələri yüksək qiymətləndirib.

Federasiya prezidenti idmançıların yalnız medal qazanmasının deyil, yarışlar zamanı, xüsusilə çətin anlarda nümayiş etdirdikləri mübarizə əzminin də əhəmiyyətli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əldə olunan nəticələr federasiyada həyata keçirilən sistemli və hərtərəfli işin nəticəsidir. Rəşad Nəbiyev uğurlarda məşqçilər, tibbi heyət, digər mütəxəssislər və federasiya əməkdaşlarının əməyinin olduğunu qeyd edib.

ACF rəhbəri əsas hədəfin yeniyetmə və gənclər səviyyəsindəki uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.

Görüşdə nizam-intizam və hörmət kimi cüdo dəyərlərinin qorunmasının vacibliyi də diqqətə çatdırılıb. Rəşad Nəbiyev idmançılara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, üzərlərində daim çalışmağı və idmanla yanaşı təhsilə də xüsusi önəm verməyi tövsiyə edib.

Daha sonra federasiya prezidenti cüdoçularla fərdi söhbətlər apararaq onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında komanda hesabında beşinci olub.

Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Azərbaycan komandası 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanlar arasında isə birinci yeri tutub.







Offside