11 sentyabr 2026. Cümə

Azərbaycanda qış idman növlərinin inkişafı müzakirə olunub


  • Offside
  • 18:45 10.09.2026
  • Oxunma sayı: 11
Azərbaycanda qış idman növlərinin inkişafı müzakirə olunub

Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) əməkdaşlığı çərçivəsində ölkəmizdə qış idman növlərinin inkişafına dair ikigünlük seminar başlayıb.

AQİNF-dən 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 10-da keçirilən açılış tədbirində AQİNF prezidenti Fuad Nağıyev və FIS-in baş katibi Urs Lehmann çıxış ediblər.

Fuad Nağıyev bildirib ki, Azərbaycanda qış idman növlərinin inkişafı, idmançı və mütəxəssislərin hazırlığının gücləndirilməsi, eləcə də ölkənin beynəlxalq qış idmanları sistemində mövqeyinin möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Federasiya prezidenti ötən il FIS ilə Dövlət Turizm Agentliyi arasında müqavilə imzalandığını və əməkdaşlığın qarşıdakı illərdə də davam etdiriləcəyini qeyd edib.

Urs Lehmann isə Azərbaycanın qış idman yarışlarının keçirildiyi beynəlxalq destinasiya kimi formalaşdığını vurğulayıb. FIS rəsmisi seminarın ölkədə qış idman növlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə Azərbaycanda qış idman növlərinin mövcud vəziyyəti, inkişaf perspektivləri və vahid strateji yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.

Həmçinin idmançı, məşqçi və hakimlərin hazırlığının təkmilləşdirilməsi, xizək məktəbləri və idman klublarının fəaliyyətinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrinin prosesə cəlb olunması, mövcud infrastrukturun və gələcək ehtiyacların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seminarın yekununda Azərbaycanda qış idman növlərinin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.







Offside