12 sentyabr 2026. Şənbə

Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunan fotosərgi açılıb


  • Offside
  • 16:55 11.09.2026
  • Oxunma sayı: 11
Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunan fotosərgi açılıb

Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində fotosərginin açılışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Crescent Mall”da baş tutan mərasimdə MPK-nın rəhbərliyi və əməkdaşları, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Paralimpiya çempionları və mükafatçıları, yeniyetmə və gənc paralimpiyaçılar, məşqçilər, idman ictimaiyyətinin və medianın nümayəndələri, həmçinin sərgidə fotoları nümayiş olunan fotoqraflar iştirak ediblər.

Fotosərgidə Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyət yolu və Azərbaycan paralimpiya hərəkatının inkişaf tarixini əks etdirən fotolar nümayiş olunur. Ekspozisiyada ölkəmizi beynəlxalq arenada təmsil edən Paralimpiya çempionları və mükafatçılarının çıxışları, qazandıqları medallar və yaddaqalan idman anları da yer alıb.

Sərgidə Azərbaycan paralimpiya hərəkatının müxtəlif inkişaf mərhələləri ilə yanaşı, onun gələcəyini formalaşdıran yeniyetmə və gənc paralimpiyaçıların fotolarına da xüsusi yer ayrılıb.

Ziyarətçilər fotolar vasitəsilə Azərbaycan paralimpiya hərəkatının 30 illik inkişaf yolu, müxtəlif nəsilləri təmsil edən idmançıların mübarizəsi, onların iradə və əzmi, eləcə də ölkəmizin paralimpiya idmanında qazandığı nailiyyətlərlə tanış ola bilərlər.

Qeyd edək ki, fotosərgi iki həftə ərzində ziyarətçilər üçün açıq olacaq.







Offside