- Offside
- 00:51 13.09.2026
16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində uğurlu çıxış edib.
Azərbaycan Basketbol Federasiyasından (ABF) 90deqiqe.Az-a verilən məlumata görə, yığmamız qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qələbə qazanaraq finala vəsiqə əldə edib.
Finalda komandamız “Konya Diltaş Basketbol”la üz-üzə gəlib.
Görüşün gedişində 21:47 hesabı ilə geridə olan Azərbaycan millisi əzmkar oyun nümayiş etdirərək fərqi tədricən azaldıb. Basketbolçularımız son dəqiqələrədək mübarizəni davam etdirərək hesabı bərabərləşdirmək və önə keçmək üçün imkanlar əldə ediblər.
Lakin qarşılaşmanın sonunda “Konya Diltaş Basketbol” daha üstün olub. Türkiyə təmsilçisi 73:69 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.
Beləliklə, Azərbaycan U-16 milli komandası “EVOQ Challenge Cup Pre Season Yalova” turnirini ikinci pillədə başa vurub.