- Offside
- 01:58 14.09.2026
Bakıda yelkən üzrə açıq Azərbaycan çempionatına start verilib.
90deqiqe.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə keçirilir.
Şıxov çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində baş tutan açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra iştirakçılara yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda çıxış edən idmançılar barədə məlumat verilib. Rəsmi hissənin ardından yarışlara start verilib.
Açıq ölkə çempionatında Azərbaycan idmançıları ilə yanaşı, Türkiyədən 10 nəfərlik heyət də iştirak edir. İdmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.
Yarış sentyabrın 14-dək davam edəcək. Qaliblərin mükafatlandırılması sonuncu gün keçiriləcək.
Qeyd edək ki, ilk üçlükdə qərarlaşan idmançılar diplom və medallarla təltif olunacaqlar. Bundan əlavə, bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək.