- Offside
- 21:50 14.09.2026
Bakıda yelkən idmanı üzrə açıq Azərbaycan çempionatının ikinci yarış günü başa çatıb.
Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.
Yarışlar Şıx çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində keçirilir. İkinci yarış günündə iştirakçılar küləyin istiqaməti və sürətindən asılı olaraq müəyyənləşdirilmiş marşrut üzrə bir neçə yürüşdə güclərini sınayıblar.
Keçirilən hər yürüşün nəticəsi ayrıca qiymətləndirilib. İdmançıların yekun sıralamadakı mövqeləri isə topladıqları xallar əsasında müəyyənləşdirilir.
Çempionatın yekun nəticələri bütün yarış günlərində keçirilən yürüşlərin nəticələri nəzərə alınmaqla hesablanacaq. Bu gün final yürüşləri keçiriləcək və onların yekununda Optimist və ILCA4 sinifləri üzrə qaliblər müəyyənləşəcək.
Çempionatın mükafatlandırma mərasimi sentyabrın 14-də saat 16:00-da keçiriləcək. Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyədən gələn 10 nəfərlik heyət də iştirak edir.