14 sentyabr 2026. Bazar ertəsi

Amasiya kəndləri arasında II minifutbol çempionatının açılış mərasimi keçirilib


  • Offside
  • 12:46 14.09.2026
  • Oxunma sayı: 17
Amasiya kəndləri arasında II minifutbol çempionatının açılış mərasimi keçirilib

Qərbi Azərbaycanın Amasiya rayonunun kəndləri arasında II minifutbol çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.

Daha sonra milli adət-ənənələrin yaşadılması və milli ruhun nümayiş etdirilməsi məqsədilə qara zurnanın müşayiəti ilə “Ağbaba” yallısı ifa olunub. Tədbir iştirakçıları da yallıya qoşularaq ənənəni böyük coşqu ilə yaşadıblar.

Çempionatın açılış mərasimində çıxış edən Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov belə yarışların kəndləri təmsil edən komandaları bir araya gətirməklə yanaşı, icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, turnirin gənclərin idmana marağının artırılması, kəndlər arasında əlaqələrin gücləndirilməsi və icma üzvlərinin bir araya gəlməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Amasiya İcmasının təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması, tarixi yaddaşın qorunması və icma üzvlərinin vahid amal ətrafında birləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə göstərilən diqqətə, qayıdış hərəkatının inkişafı üçün yaradılan şəraitə və bu istiqamətdə həyata keçirilən siyasətə görə Prezident İlham Əliyevə Qərbi Azərbaycan İcması adından təşəkkürünü bildirib.

Daha sonra Milli Məclisin deputatı, İcmanın Qadınlar Şurasının və Amasiya İcmasının üzvü Tənzilə Rüstəmxanlı çıxış edərək bu kimi təşəbbüslərin icma üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Açılış mərasimindən sonra çempionatın ilk oyunları keçirilib.

Günün qarşılaşmalarında “İlanlı” “Ellərkənd”i 5:4, “Qaracanta” “Düzkənd”i 2:1, “Daş Körpü” “Oxçuoğlu”nu 5:2, “Güllübulaq” isə “Quzukənd”i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II minifutbol çempionatında Amasiya rayonunun 14 kəndini təmsil edən komandalar iştirak edir. Sentyabr-oktyabr aylarında keçiriləcək turnirin sonunda qalib komandalar mükafatlandırılacaqlar.







Offside